“Çəkişən iki filosofun dastanı” miniatürü Təbriz məktəbinə aiddir və 1539-1543 illərdə yaradılıb. Hal-hazırda bu miniatür Britaniya muzeyində saxlanılır. Miniatürün süjeti Nizaminin eyni adlı hekayəsi əsasında qurulub. Hekayədə Nizami bir evdə yaşayan iki alimdən danışır. Bir gün alimlər evin kimə məxsus olduğu haqda güclü mübahisə edirlər: “dedilər ki, bu evdən köçsək daha yaxşıdır, iki şərbət düzəldib içsək daha yaxşıdır”:
Biri zəhər düzəltdi – beyni-başı yandıran,
Üfunəti, qoxusu qara daşı yandıran.
Verib dedi: “Nuş eylə, nəşə verən meydi bu,
Zəhər deyil, şərbətdən daha şirin şeydi bu.”
Şirürəkli bildi ki, qatıb meyə ağını,
Alıb çəkdi başına şərbət deyə ağını.
Çimmək üçün qaynatdı nuşgiyanı əlüstü,
Tiryək kəsdi zəhəri, hər ziyanı əlüstü.
İkinci alimin növbəsi çatanda, o, bağdan qızılgül dərib, gülə-gülə ovsun oxudu və gülü rəqibinə verdi:
Əfsunlu gül ruhunu sıxdı, sıxdı yağının,
Vahimədən, qorxudan canı çıxdı yağının.
Dərdə əlac tapan kəs gülən oldu həyatda,
Bircə güldən qorxan kəs ölən oldu həyatda.
Hekayə Nizaminin insan həyatının qısalığı haqda düşüncələri ilə bitir: heç bir kəs nifrətin və qəzəbin təsiri altına düşüb, ədalətsiz əməllərə əl atmalı deyil; insan ancaq xeyirxah əməllərlə yaddaşlarda qalmağa çalışmalıdır.