“Harun ər-Rəşid və bərbərin hekayəsi” miniatüru Heratda 1491-ci ildə naməlum rəssam tərəfindən yaradılıb.
Hekayənin əsas qəhrəmanı Harun ər-Rəşid – real tarixi personajdır, 786 – 809 illərdə Abbasi xilafətinin hökmdarı olub.Miniatürün süjeti sadədir: günlərin bir günü xəlifə bərbərdə üzünü qırxan zaman, bərbər özünü xəlifəyə tay bilib, lovğalana-lovğalana xəlifədən qızını ona ərə verməyini tələb edir. Hökmdar, qəzəbini cilovlayıb, vəzirinə bərbərin qudurğan davranışının səbəbini araşdırmağı tapşırdı.
Vəzir dedi: “Dili ki, belə atır dəlləyin, –
Ayağının altında xəznə yatır dəlləyin.
Haçan gəlsə yanına, o, hüzura bir daha,
Həmişəki yerində qoyma dura bir daha.
Əgər çıxsa əmrindən, asdırmağı unutma,
Harda durub, oranı qazdırmağı unutma.”
Vəzirin məsləhətindən sonra xəlifə yenə yollandı dəlləyin yanına. Öyünə-öyünə danışmağını görər-görməz, ona yerini dəyişib, başqa yerdə dayanmağı əmr verdi. Həmişəki yerini dəyişən kimi, bərbər yenə oldu fağır, ədəbli usta. Həmin an xəlifə bərbərin durduğu yeri qazmağı əmr verdi və doğrudan da yerin altından xəzinə çıxdı.
Bu qısa hekayətlə Nizami bilməyərəkdən belə böyük var-dövlət sahibi olan kimi, inasanın lovğalanmağını, iddialarının dərhal böyüməsini göstərir, və vaxtında davranışını gözdən keçirib, dəyişməsə, bu ona həyatı bahasına başa gələ biləcəyini izah edir.