Nizami Gəncəvinin son illəri barədə ən doğru məlumatı onun poemalarındakı müqəddimələrdən öyrənmək olar. Artıq 1196-cı ildə bitirdiyi “Yeddi gözəl” poemasında 55 yaşı tamam olmuş şair öz xəstəliklərindən, taqətdən düşməsindən, həyatdakı ədalətsizliklərdən yazır. Bununla belə, o, yaşayır və yaradırdı. “Yeddi gözəl” poemasından sonra o, özünün şah əsəri olan “İskəndərnamə” poemasını yazır. Bu poemanın da müqəddiməsində o, göstərir ki, həyat sona yaxınlaşır və insan gərək düşünsün ki, həyatını necə layiqli bitirsin, nə etsin ki, adı insanların yaddaşında əbədi olaraq qalsın.
Şairin son poemasını onun bütün həyatının vərəqlədiyi kitab kimi qəbul etmək olar. Bu dövrə şair nə böyük var-dövlət toplaya bilmiş, nə də vəzifə sahibi olmuşdur. Lakin xalqın ona olan hörməti hədsiz idi və şairi yaşadan, ona həyatının son illərində qüvvə verən elə bu hörmət olmuşdur.