“İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival 3 gün boyunca – 14, 15, 16 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə baş tutacaq festivalın əsas məqsədi öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Nizami Light Festival