“ŞİRİN XOSROVUN AĞAC ÜZƏRİNDƏ ASILMIŞ RƏSMİNİ GÖRÜR”
Xosrovun dostu, dünyanın yarısını gəzib-dolaşmış Şapur Dərbənd dənizinin sahillərində gördüyü möcüzələrdən danışır. Oranın hakimi zəhmli hökdmar Məhin Banudur. Hökmdar qadın öz qardaşı qızı Şirinlə birlikdə yaşayır. Şapur həvəslə bu qızın gözəlliyini təsvir edir. Qara gözləri – dirilik suyunun mənbəyi, qədd-qaməti gümüşü xurma ağacı, hörükləri – “xurma toplayan iki zənci”, adı isə Şirindir. Dostunun sözlərindən məftun olmuş Xosrov həmin qızı tapmağı və onların arasında münasibət yaratmağı Şapura həvalə edir və bu zaman istedadlı rəssam hiyləyə əl atır. O, Xosrovun şəkillərini çəkərək Şirinin həmişə rəfiqələri ilə birlikdə gəzdiyi yerlərdən asır. Qız bu yaraşıqlı gəncin şəklini görən kimi bir könüldən min könülə ona aşıq olur. Şapur Şirinə aşiq olmuş Xosrovun müdrikliyindən və şücaətindən də bəhs edir. Şirin Xosrovla görüşməyə razı olur.