Yoldaşı Məryəmin ölümündən sonra Xosrov digər bir gözəllə – Şəkərlə evlənir və sonradan dünyanın ən böyük xəzinəsinə – ən layiqli və gözəl qadının sevgisinə laqeydlik göstərdiyini başa düşür.
Xeyli müddətdən sonra Xosrovla Şirin, nəhayət ki, qovuşurlar. Onların nigahı Xosrovun hökmdar olduğu ölkənin siyasi həyatına müsbət təsir göstərir. Şirin hər zaman zadəganların xalqa qarşı özbaşınalığından, qəddarlığından, zorakarlığından hiddətlənir. Yalnız o padşaha acı həqiqətləri deyə bilirdi.
Nizami poemanın sonuna yaxın xudbin və ərköyün, öz əyləncələri naminə digər insanların həyatını qurban verən padşahın necə dəyişdiyini göstərir. O, dünyanın faniliyi haqqında düşünür, öz əməllərinə tövbə edir, haqq-ədalət yolunu seçir. Həqiqətən də Şirinin müqəddəs və səmimi sevgisi sayəsində Xosrov əsl müdrik hökmdara çevrilir.