Poemada Şirinin mahir heykəltəraş və daşyonan Fərhadla münasibətləri mühüm əhəmiyyətə malikdir. Bu gəncin hissləri Xosrovun hissləri ilə tam təzad təşkil edir. Fərhadı gözəl şahzadə xanımın qəsrinə dəvət edir və ona qayanı çaparaq, oradan süd arxı çəkməyi tapşırırlar. Gözəlin füsünkar simasına heyran olan heykəltəraş bir aya bu ağır işin öhdəsindən gələcəyinə söz verir. Şirin Xosrovu sevdiyi qədər, bu gənc də onu səmimi qəlblə sevir. Alicənab Fərhad, həqiqətən də, onun sevgisinə layiqdir. Şirin Fərhada dərin ehtiram göstərsə də, onun ürəyi Xosrovundur. Fərhadın hislərindən xəbər tutan Xosrovun qəlbində azğın qısqanclıq hissləri baş qaldırır. Fərhada hədə-qorxu gələrək, onu geri çəkilməyə çağırır. Lakin Fərhad öz sevgisindən imtina etmək gücündə deyil. Bu zaman, Xosrov ona, Şirinin xatirinə Bisütun dağını çapmağı təklif edir. Fərhad bu təklifə, Xosrovun Şirindən imtina edəcəyi təqdirdə razı olacağını bildirir. Bisütun dağını çapmaq çətin olsa da, ustanın qərarı qətidir. Dağ Fərhadın külüngünə təslim olan vaxtda, Xosrov başqa bir alçaq hiyləyə al atır. Onun Bisütun dağına göndərdiyi qasid Fərhada yalandan Şirinin öldüyünü xəbər verir. Aldığı xəbərdən qəm-qüssəyə batan usta bu itki ilə barışmır və özünü öldürmək qərarına gəlir. Fərhadın ölüm xəbərindən kədərlənən Şirin acı göz yaşları axıdır və ona gözəl bir məqbərə ucaldır.