Bir müddətdən sonra, sevgilisi ilə görüşə bilməyən Şirin bibisinin sarayına qayıdır və rəfiqələri ilə birlikdə yenidən əylənməyə başlayır…
Xosrov atasının ölümündən sonra taxtda əyləşir. Lakin iri feodalların üsyanından sonra ölkəni tərk edərək, Muğan düzünə qaçmağa məcbur olur. Burada o, ova çıxmış Şirinlə görüşür. Bu dəfə onlar bir-birini tanıyır və sevincdən göz yaşı tökürlər. Xosrovla Şirin vüsal anlarından həzz alırlar. Sevgidən bihuş olmuş gənc siyasi münaqişələri və itirdiyi hakimiyyətini belə unudur.
Bir dəfə söhbət zamanı Şirin onu müqavimətsizlikdə təqsirləndirir və Xosrovu hakimiyyətini bərpa etməyə çağırır. Xosrovun sınmış qüruru onu addım atmağa vadar edir. Lakin ordusundan məhrum olmuş Xosrov kömək almaq üçün Bizans padşahının yanına gedir. Bizans padşahı isə, Xosrova onun qızı Məryəmlə evlənəcəyi təqdirdə kömək edəcəyini bildirir. Xosrov padşahın təklifini qəbul edir və yenidən hakimiyyətini bərpa edir. Burada Şirinin sevgisini hakimiyyət hərisliyinə dayişən gəncin əsl siması görünür. Məhz bu məqamda oxucu qeyri-ixtiyari olaraq, qəhrəmanın hakimiyyət hərisliyinə nifrət edir. Əslində isə, Şirinlə danışığı sayəsində Xosrov qayğısız gəncdən cavabdehlik daşıyan hökmdara çevrilir.